Lənkəranda rayonlararası narkoloji dispanserin yeni binası istifadəyə verilmişdir
Lənkəran, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Lənkəran şəhərində Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü ilə tikilmiş ikimərtəbəli, 18 çarpayılıq rayonlararası narkoloji dispanserin yeni binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev DGK-nın təşkilatçılığı və BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq İdarəsinin dəstəyi ilə 2011-ci il oktyabrın 17-18-də Bakıda Dünya Gömrük Təşkilatı ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfransın baş tutduğunu diqqətə çatdırmışdır.
Bildirmişdir ki, konfrans çərçivəsində DGK-nın təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” adlı xeyriyyə konserti təşkil edilmişdir. Konsert zamanı telemarafondan əldə olunan vəsait DGK-nın “Azərterminalkompleks” Birliyinin depozit hesabında toplanmışdır. Toplanılmış vəsait DGK-nın təşəbbüsü ilə, Səhiyyə Nazirliyinin müvafiq razılıq məktubu əsasında Lənkəran Rayonlararası Narkoloji Dispanserinin inşasına yönəldilmişdir.
Lənkəran Rayonlararası Narkoloji Dispanserinin tikinti işləri DGK-nın struktur bölməsi olan “Azərterminalkompleks” Birliyinə həvalə olunmuşdur.
Qeyd olunmuşdur ki, Lənkəran Rayonlararası Narkoloji Dispanserinin tikintisinə 2012-ci ilin avqustunda başlanılmış və 2013-cü ilin iyun ayında başa çatdırılmışdır.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya ilə hamılıqla mübarizəyə qoşulmağın vacibliyini vurğulayaraq, bu işdə hüquq mühafizə orqanları əməkdaşlarının, səhiyyə və təhsil işçilərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmişdir.
E.Ağayev Lənkərandakı Rayonlararası Narkoloji Dispanser üçün tikilmiş yeni binada yaradılmış şəraitdən razı qaldığını bildirmiş, kollektivə öz işinə vicdanla, məsuliyyətlə yanaşmağı tövsiyə etmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni tibb müəssisəsinin tikintisində əməyi olan bütün dövlət qurumlarına və əmək kollektivlərinə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.
Mərasim başa çatdıqdan sonra tədbir iştirakçıları binada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.