CƏMİYYƏT
Lənkəranda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Lənkəran rayonunda təşkil olunub.
AZƏRTAC Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, xəstəxanada həyata keçirilən aksiya Lənkəran, Lerik və Astarada yaşayan qeyd edilən həssas kateqoriyalara aid 300-ə yaxın vətəndaşı əhatə edib.
Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslı könüllü həkim heyəti tərəfindən aparılıb. Nəticələrə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, həmçinin onlar zəruri dərman vasitələri ilə təmin ediliblər.
Layihə çərçivəsində sağlamlıq vəziyyəti ağır olan şəxslərin ixtisaslaşan tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsinə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək.