Lənkəranda tədbir: Aşıq Ələsgərin saz və söz dünyası
Lənkəran, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgərin saz və söz dünyası” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova qüdrətli söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunub. Böyük söz ustadının 150 illik yubileyi ilə əlaqədar azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş kimi yaşamaqdadır.
Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecinin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev çıxışında ölkəmizdə mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Aşıq Ələsgərin əsərlərinin bədii məziyyətlərindən danışıb.