Lerikdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə dezinfeksiya işləri davam etdirilir
Lerik, 14 avqust, Bağır Əliyev, AZƏRTAC
Yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, Lerik şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində, şəhərin Arzuman Əsədullayev, Camal Şahiyev, Həmid Həmidov və digər küçələrində, idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə koronavirus infeksiyası əleyhinə dezinfeksiya işləri aparılıb.
Rayon icra hakimiyyəti yanında qərargahın üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti daim nəzarətdə saxlanılır, yoluxma hallarının qarşısının alınması üçün zəruri operativ tədbirlər həyata keçirilir.
Müntəzəm olaraq əhali arasında peyvəndləmə işləri ilə bağlı maarifləndirmə işləri aparılır. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında, idarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi üçün müvəkkil şəxslər müəyyən edilib.
Eyni zamanda, qərargah üzvləri tərəfindən rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ticarət və iaşə obyektlərinə, idarə və müəssisələrə reydlər təşkil edilir, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət artırılıb.
Keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan hüquqi və fiziki şəxslər, vətəndaşlar cərimə olunub, ticarət və iaşə obyekti sahiblərinə, idarə rəhbərlərinə xəbərdarlıqlar edilib.