Ləzgi dilində çap olunan yeni kitablar qusarlı oxuculara təqdim edilib
Qusar, 4 mart, AZƏRTAC
Martın 4-də Qusar rayon Heydər Əliyev Mərkəzində ləzgi dilində çap olunan Qurban Səidin “Əli və Nino” və ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş əsərlər ll hissə” kitabları qusarlı oxuculara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitablar ləzgi dilində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və “Samur” Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə çap olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər güllər düzülüb.
BBMM-in icraçı direktorunun müavini Ramin Qəmbərov bildirib ki, “Əli və Nino” və ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabı ölkəmizdə multikultural dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin bariz nümunəsidir. O vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif etnik-dini icmaların, dillərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub. Bu zənginlik bizim milli sərvətimizdir.
Mərkəzin baş məsləhətçisi Araz Qurbanov qeyd edib ki, bu cür layihələr cəmiyyətimizdə qarşılıqlı hörmətin, mədəni dialoqun və ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, ortaq dəyərlərin daha dərindən dərk olunmasına imkan yaradır. Ana dilində kitabların nəşri gənc nəslin öz köklərinə bağlılığını gücləndirir, onların dilə, ədəbiyyata marağını artırır, mənəvi dəyərlərə bağlı, mədəni müxtəlifliyi zənginlik kimi qəbul edən bir cəmiyyətin formalaşmasına xidmət edir.
“Samur” Ləzgi Milli Mədəni Mərkəzinin sədri İmran Rzayev, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı çıxışlarında Azərbaycan dövləti tərəfindən hər zaman azsaylı xalqlara qayğı ilə yanaşıldığını, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına önəm verildiyi, etnik icmaların mədəniyyət mərkəzlərinin fəaliyyətinə dəstək göstərildiyi, onların dillərində dərsliklər, kitablar çap olunduğunu bildiriblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu multikulturalizmin siyasəti aparılır, bütün xalqların hüquq və azadlıqlarına bərabər yanaşılır, etnik azlıqlara xüsusi diqqət və qayğı göstərilir.
Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabında müəllifin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.
Elxan Yusifli - müxbir