Litva tank əleyhinə sistemlər üçün ABŞ-dan raketlər alıb
Vilnüs, 6 avqust, AZƏRTAC
ABŞ Litvaya hərbi yardım çərçivəsində dəyəri 31 milyon dollardan çox olan tank əleyhinə “Javelin” sistemləri üçün əlavə raketlər göndərib.
AZƏRTAC Litva Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu məbləğə 2019-cu ilin sonunda imzalanan 13 milyon ABŞ dolları məbləğində satınalmaya dair saziş daxildir.
Ölkənin müdafiə qabiliyyətini gücləndirilməsi məqsədilə Quru Qoşunlarının bölmələri bu sistemlərlə təchiz ediləcək.
Litva növbəti on il ərzində ABŞ-dan 104 milyon dollar məbləğində raket almağı planlaşdırır.
“ABŞ Baltikyanı bölgənin təhlükəsizliyini təmin edən strateji tərəfdaş və əsas müttəfiqdir. Amerikanın tank əleyhinə “Javelin” sistemi Litva Silahlı Qüvvələrinin, xüsusilə döyüş hazırlığının uzunmüddətli gücləndirilməsi və müdafiə qüdrətinin möhkəmlənməsinə mühüm töhfə verir”, - deyə nazirliyin məlumatında qeyd olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs