Litva və Polşa qanunsuz miqrasiyaya qarşı birgə mübarizə aparacaqlar
Vilnüs, 12 avqust, AZƏRTAC
Litva Prezidenti Gitanas Nauseda və Polşa Prezidenti Andjey Duda Belarusdan gələn qeyri-leqal miqrasiyaya qarşı mübarizədə ortaq mövqedən çıxış etmək barədə razılığa gəliblər.
AZƏRTAC Baltikyanı ölkələrin mətbuatına istinadla xəbər verir ki, bu barədə hər iki ölkə başçısının telefon danışığından sonra Litva Prezidentinin Administrasiyası məlumat yayıb.
“Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin qorunması onun qurumlarının və ölkələrinin ümumi qayğısıdır. Qeyri-leqal miqrasiya istənilən ölkəyə qarşı istifadə oluna bilər, buna görə də təcili regional tədbirlərin həyata keçirilməsi zəruridir. Xüsusilə “Qərb” hərbi təlimlərinin yaxınlaşması ilə yeni təxribatların meydana çıxa biləcəyini nəzərə alaraq əvvəlcədən hazırlıq görmək lazımdır”, - deyə Litva Prezidenti Gitanas Nauseda qeyd edib.
Litvanın dövlət başçısı çəpərin mümkün qədər tez çəkilməsinin əhəmiyyətini diqqətə çatdırıb və bunun üçün isə Aİ-nin maliyyə yardımının vacib olduğunu söyləyib. Gitanas Nauseda, qeyri-leqal miqrantların geri göndərilməsi ilə bağlı prosedurların həyata keçirilməsi üçün də Aİ-nin yardımına ehtiyac yarandığını bildirib.
Litva Prezidenti, həmçinin miqrant axınını durdurmaq, insan qaçaqmalçılığını dayandırmaq və mümkün terror təhlükələrinin qarşısını almaq məqsədilə miqrantların əslən olduqları və tranzit kimi istifadə etdikləri ölkələr ilə artıq danışıqların aparıldığını qeyd edib. Ölkə başçısı miqrasiya böhranının həllində Polşanın göstərdiyi yardıma görə Prezident Andjey Dudaya təşəkkürünü bildirib.
Qeyd edilib ki, bu il 4 mindən çox qeyri-leqal miqrant Litva-Belarus sərhədini qanunsuz şəkildə keçib. Onların əksəriyyətini İraq vətəndaşları təşkil edir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs