İQTİSADİYYAT
LİVİYA BMT SANKSİYALARI GÖTÜRÜLDÜKDƏN SONRA İLK NEFT VƏ QAZ MÜQAVİLƏSİNİ İMZALAMIŞDIR
AZƏRTAC-ın xarici informasiya vasitələrindən aldığı xəbərə görə, BMT sanksiyaları götürüldükdən sonra Liviya beynəlxalq konsorsiumla neft və qaz hasilatına dair 100 milyon dollarlıq ilk müqaviləni imzalamışdır.
Müqavilə Liviya Dövlət Neft Şirkəti və Avstraliyanın “Vudsayd Enerji” şirkətinin başçılığı ilə İspaniya və Yunanıstanın neft şirkətlərinin daxil olduğu konsorsium arasında imzalanmışdır. Dünya neft bazarı bu müqaviləni Liviyanın böyük uğuru kimi dəyərləndirir. Hazırda Liviya gündəlik neft hasilatının həcmini 1,25 milyon barreldən 2 milyon barrelə çatdırmaq üçün ölkəyə xarici sərmayələr cəlb etməyə çalışır. O, gələcəkdə Avropaya qaz nəql etmək məqsədi ilə mavi yanacaq hasilatı sahəsində bir sıra iri layihələr də hazırlayır.