SİYASƏT
London Diplomatiya Akademiyasının rektoru:Azərbaycanın hərtərəfli inkişafı məni valeh etdi
![London Diplomatiya Akademiyasının rektoru:Azərbaycanın hərtərəfli inkişafı məni valeh etdi](/files/2013/3/1200x630/14071451325729717733_1200x630.jpg)
London, 16 noyabr (AZƏRTAC). “Azərbaycanın hərtərəfli inkişafı məni valeh etdi və mən Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycanın dinamik inkişafından danışdım”.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, London Diplomatiya Akademiyasinin rektoru, Avropa və Aralıq dənizi ölkələri arasındakı münasibətlər mövzusunda bir neçə kitabın müəllifi, professor Jozef Mifsud AZƏRTAC-a müsahibəsində demişdir.
Humanitar Forumda iştirakdan əvvəl də Azərbaycanda olduğunu deyən professor ölkəmizdə müsbət istiqamətdəki böyük dəyişikliyə heyran qaldığını diqqətə çatdırmışdır. Azərbaycanın möhtəşəm infrastrukturu və insan resursları ilə daha çox diqqət cəlb etdiyini vurğulayan J.Mifsud demişdir: “İnsanların müxtəlif sahələrdəki peşəkarlığı, qonaqpərvərliyi və intellektuallığı xüsusilə ölkədə yeni olan bir insana xoş təsir bağışlayir. Naxçıvan, Gəncə və Qəbələdə tələbələr və rəsmilərlə söhbət etdim, insanların yüksək intellektual səviyyəsi Azərbaycanın bütün regionlarında hiss olunurdu”.
Qafqazın digər ölkələrini də ziyarət etdiyini diqqətə çatdıran rektor, Azərbaycanın həqiqətən də üstün olduğunu, regionda “izləyici yox, aparıcı” mövqedə durduğunu bildirmişdir.
Rektor demişdir ki, Prezident İlham Əliyevin ölkənin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq arenaya sürətli inteqrasiyasında özünü əks etdirir. 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana olan böyük ehtimad və eyni zamanda, yeni imkanların göstəricisidir.
J.Mifsud vurğulamışdır: “Forumun ilk günüdə Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm ölkəsi olduğunu bildirmişdir və mən bununla tam raziyam. Bu ölkədə müxtəlif dinlərdən, mədəniyyətlərdən insanlar birgə çalışır və yaşayır. Forum çərçivəsində ölkəni ziyarət edənlər bunun şahidi oldular”.
Forumun yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdıran professor demişdir ki, dünya intellektual elitasını bir yerə toplamaq baxımından bu tədbir böyük əhəmiyyətə malikdir. Müzakirə edilmiş mövzular beynəlxalq səviyyədə aktualdır.
Növbəti forumlarda öz sahəsində çıxış etmək arzusunu dilə gətirən J.Mifsud III Bakı Beynəlxalq Humanitar Forumunun onun üçün möhtəşəm təcrübə olduğunu bildirmiş, Azərbaycanın daha da inkişaf etməsi üçün yüksək potensiala malik olduğunu xüsusi vurğulamışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London