LÜKSEMBURQ-AZƏRBAYCAN İQTİSADİ ƏLAQƏLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Qonaqları salamlayan Heydər Babayev onlara Azərbaycanın mövcud iqtisadi vəziyyəti, uğurla davam etdirilən iqtisadi islahatlar və əldə olunmuş nailiyyətlər, ölkəmizin iqtisadi inkişaf perspektivləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda dinamik iqtisadi yüksəlışə nail olunmuş, iqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı uğurlar digər istehsal sahələrinin də sürətli inkişafını təmin etmişdir.
Nazir nəinki Azərbaycanda, eləcə də dünyada iqtisadi əhəmiyyətinə görə çox mühüm olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bu yaxınlarda işə düşməsinin regionun inkişafında rolunu vurğulamış və Qazaxıstanın da bu layihəyə qoşulduğunu bildirmişdir.
Ölkəmizdə beynəlxalq iqtisadi əlaqələrin inkişafına həmişə böyük diqqətlə yanaşıldığını qeyd edən Heydər Babayev, Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdıraraq məlumat vermişdir ki, bu ölkə ilə ticarət dövriyyəsi 2005-ci ildə 7,1 milyon ABŞ dolları təşkil etmiş, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artmışdır. Bununla belə, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Heydər Babayev hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu nəzərə çarpdırmış və Lüksemburqla kimya, maşınqayırma, kənd təsərrüfatı, bank və maliyyə, əczaçılıq, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu və bu Avropa ölkəsinin investisiya fondlarının Azərbaycanda fəaliyyətinin məqsədəuyğunluğunu qeyd etmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Janno Krekke Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, sürətli inkişafın ölkəsində maraqla izlənildiyini və Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu qeyd etmiş və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə hər cür dəstək göstərəcəyini vurğulamışdır.
Lüksemburq nümayəndə heyətinin üzvləri ölkələrinin bank, maliyyə, sığorta və s. sahələrdə qabaqcıl təcrübəyə malik olduğunu və həmin sahələrdə əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı faydalı olacağını bildirmişlər.
Görüşdə iqtisadi əməkdaşlıq perspektivləri geniş müzakirə olunmuşdur.