Lüksemburqda əcnəbilərin səsvermə şərtləri asanlaşdırılıb
Lüksemburq, 17 noyabr, AZƏRTAC
Lüksemburq Böyük Hersoqluğunda bələdiyyə seçkilərində əcnəbilərin səsvermə şərtləri asanlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Lüksemburq parlamentində əcnəbilərin seçkilərdə iştirakı etməsini asanlaşdıran 7877 saylı qanun layihəsi 56 səslə qəbul edilib. Belə ki, əvvəllər əcnəbi kimi bələdiyyə seçkilərində səs vermək hüququna malik olmaq üçün ən azı 5 il yaşamaq tələbi tarixə çevrilib. Ölkədə səsvermə ilə bağlı 5 illik rezidentlik tələbi ləğv olunub. Artıq bu ölkədəki əcnəbilər daha tez seçkilərdə iştirak edə biləcəklər. Bu qərar 2023-cü il iyunun 11-də keçiriləcək növbəti bələdiyyə seçkilərində əcnəbi vətəndaşları yerli demokratiyaya daha çox cəlb etməyə imkan verəcək.
Bildirilir ki, səsvermədə iştirak həmçinin şəhərdə müxtəlif xidmətlər sahələrində, eləcə də sakinlərin gündəlik həyatına təsir edən qərarların qəbulunda iştirak etmək deməkdir. Hər kəsin seçkilərdə iştirak etməsi üçün 5 illik rezidentlik tələbi ləğv olunaraq, seçicilərin qeydiyyatı asanlaşdırılıb. Əcnəbi seçicilər seçici siyahılarında avtomatik qeydə alınan Lüksemburqlulardan fərqli olaraq, səsvermədə iştirak edə bilmək üçün səsvermə gününə 55 gün (87 gün əvəzinə) qalmış qeydiyyatdan keçməlidirlər.
Lüksemburqda növbəti bələdiyyə seçkiləri 2023-cü il iyunun 11-də keçiriləcək. Ölkədə yaşayan əcnəbilər 2023-cü il iyunun 11-də keçiriləcək bələdiyyə seçkilərinin seçici siyahılarında qeydiyyatdan keçməyə çağırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq