Lüksemburqda Zəfər Günü qeyd edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin Lüksemburqdakı səfirliyinin əməkdaşlarının, Azərbaycan və Türkiyənin diaspor təşkilatları nümayəndələrinin qatıldıqları tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açılıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini Arzu Həsənova, Türkiyənin Lüksemburqdakı səfiri Fazilet Dağçı Çığlik və diaspor fəalı Azər Məmmədov çıxış edərək, əzəmətli bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Onlar bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə, xalqımızın və türk dünyasının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycanın hərb və diplomatiya meydanında əldə etdiyi Qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük və müstəsna xidmətlərinin olduğu, Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasının Qarabağın işğaldan azad edilməsinə dair uzun illər gerçəkləşdirilməyən qətnamələrini təkbaşına icra etdiyi diqqətə çatdırılıb. Hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinin və xalqının Vətən müharibəsi dönəmindəki mənəvi və siyasi dəstəyinin heç bir zaman unudulmayacağı vurğulanıb.
Tədbir bayram konserti ilə davam edib.