Macarıstan-Serbiya sərhədində gərginlik yaşanır
Budapeşt, 6 fevral, AZƏRTAC
Macarıstanın hakimiyyət orqanları ölkənin cənub sərhədlərində getdikcə güclənən miqrasiya təzyiqinin qarşısını almağa hazırdırlar. Bu, bütün vasitələrlə macar vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ötrüdür.
AZƏRTAC xəbər verir ki, bu gün səhər Macarıstan parlamentinin müdafiə və hüquq-mühafizə orqanları üzrə komitəsinin rəhbəri Layoş Koşa qurumun iclasından əvvəl jurnalistlər qarşısında bu bəyanatla çıxış edib. Görüş iştirakçıları sərhəd Roske stansiyasındakı hadisələri müzakirə edəcəklər. Bu yaxınlarda həmin stansiyada 50-60 nəfərdən ibarət qeyri-leqal miqrant dəstəsi zorla Macarıstana keçmək cəhdinə əl atıb.
Koşa deyib: “Bu, açıq-aşkar təşkil olunmuş aksiya, qabaqcadan düşünülmüş provokasiya idi. Onlar Şengen zonasına Macarıstan vasitəsilə keçməyin mümkün olacağını fikirləşiblər. Komitə sədri əlavə edib ki, buna bənzər cəhdlərlə biz gələcəkdə də qarşılaşa bilərik. O, həmin insanların planının baş tutmadığını, heç nəyə nail olmadıqlarını bildirib.
Siyasətçinin sözlərinə görə, Macarıstanın Serbiya ilə sərhədində miqrantlar tərəfindən getdikcə artan təzyiq yaşanır. Belə ki, Xorvatiyanın hakimiyyət orqanları öz ərazisində buna bənzər hallara yol vermirlər və miqrantlar da Avropa İttifaqına Serbiya vasitəsilə düşməkdən ötrü digər yollar axtarırlar. Sərhəd divarlarına hücum zamanı saxlanılan miqrantlar həbsxana cəzası alacaq, daha sonra gələcəkdə bu ölkəyə giriş hüququndan məhrum edilməklə geri göndəriləcəklər. Koşa, həmçinin bəyan edib ki, son 6 həftə ərzində Macarıstanın hakimiyyət orqanları tərəfindən elə macarların özləri arasında qeyri-leqal miqrantları müşayiət edən şəxslər ötən ilin müvafiq dövrü ilə müqayisədə sayca 4 dəfə çox saxlanılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt