Mağazalardan mobil telefonlar oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Nəsimi rayonundakı Moskva prospektində yerləşən və elektron avadanlıq satılan mağazalardan birindən soyğunçuluq edilib. Mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan “Samsung” markalı iki mobil telefonu götürərək qaçıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
O, ilkin ifadəsində törətdiyi əməli etiraf edib və mobil telefonları satdığını bildirib. Y.Sadıqov həmin mağazanın Nizami rayonundakı filialından da iki ədəd eyni markalı mobil telefon oğurladığını qeyd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə də iştirak etdiyini istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.