Malayziyada Kim Çen Namın ölümündə şübhəli bilinən qadın barədə hökm çıxarılıb
Tokio, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Malayziya Ali Məhkəməsi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümündə şübhəli bilinən Vyetnam vətəndaşı Doan Txi Xıonqun 3 il 4 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Star” nəşri məlumat yayıb.
D.T.Xıonqun vəkilinin bildirdiyinə görə, prokuror ittihamın dəyişdirilərək “qəsdən adam öldürmə” əvəzinə “təhlükəli elementlərdən istifadə etməklə sağlamlığa zərər vurulması” maddəsinin tətbiqini xahiş edib. Həmin maddə ilə ittiham 10 il azadlıqdan məhrum etmə, cərimə, həmçinin budaq zərbələrinin endirilməsi yolu bədən cəzasını nəzərdə tutur. Əvvəlki ittihama görə isə bu qadını ölüm hökmü gözləyirdi.
Bununla yanaşı, xəbər verdiyimiz kimi, ötən ay digər şübhəli, İndoneziya sakini Siti Aysia məhkəmə zalından azad edilib. Dövlət ittihamçısı, gözlənilmədən ona qarşı bütün ittihamları geri götürüb və o, doğma vətəninə qayıdıb.
Xatırladaq ki, Kim Çen Nam 2017-ci il fevralın 13-də Kuala- Lumpur aeroportundan xəstəxanaya aparılarkən ölüb. Polisin bildirdiyinə görə, o naməlum şəxslər tərəfindən üzünə sıçradılan mayedən sonra güclü başgicəllənməsindən şikayət edib. Malayziya hökumət orqanlarının bildirdiyinə görə, Kim Çen Nam qadağan edilmiş zəhərli VX maddəsinin təsiri ilə ölüb.
Həmin vaxt qızlarla birlikdə Şimali Koreya vətəndaşı olan bir nəfər də həbs edilib. Lakin ittiham üçün sübut olmadığına görə o, azad edilib və dərhal deportasiya olunub. Malayziya polisinin qənaətinə görə, hadisə baş verən gün daha dörd nəfər Şimali Koreya vətəndaşı Kuala-Lumpuru tərk edib və onlar hazırda Pxenyandadırlar. Bu şəxslər barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio