Marqaret Çen: Ebola üzərində qələbə uzaqda deyil
Bakı, 15 avqust, AZƏRTAC
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Marqaret Çan və BMT Baş katibinin Ebola qızdırması əleyhinə xüsusi elçisi Devid Nabarro qızdırma epidemiyasına qarşı mübarizənin nəticələri barədə BMT Təhlükəsizlik Şurasına məruzə ediblər.
Onlar vurğulayıblar ki, böyük müvəffəqiyyətə baxmayaraq, bu təhlükəli xəstəliyin kökünü tam kəsmək mümkün olmayıb. Bununla belə, Marqaret Çen hesab edir ki, Ebola üzərində qələbə uzaqda deyil. Marqaret Çan videokörpü vasitəsilə deyib: “Ötən ilin sentyabrında Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Syerra-Leone və Qvineyada Ebolaya yoluxanların sayı hər gün 150 nəfər artıb. Ebolanın tüğyan etdiyi ölkələrin hökumətləri virusun sürətlə yayılmasının qarşısının alınmasında həlledici rol oynayıblar. Beynəlxalq birliyin nümayəndələri onların səylərini dəstəkləyiblər. Məsələn, Liberiyada xəstəliyə yoluxmanın qarşısını almaq yenə də mümkün olub. Son iki həftədə Syerra-Leonedə və Qvineyada ümumən üç yoluxma faktı barədə məlumat verilib. Bu, son ildə ən aşağı yoluxma səviyyəsidir. Beynəlxalq birlik milli səyləri dəstəkləməyə davam edir. Zərərçəkən dövlətlərin paytaxtlarında, şəhər və kəndlərində minlərlə mütəxəssis yerli əməkdaşlar ilə çiyin-çiyinə çalışır. Virusun üzə çıxarılmasında və kontaktların nəzarətdə saxlanılmasında indiki meyli qoruyub saxlaya bilsək, onda ilin sonuna qədər virusun kökünün tam kəsildiyini deyə bilərik”.
BMT Baş katibinin Ebolaya qarşı mübarizə üzrə xüsusi elçisi Devid Nabarro bildirib ki, əldə olunmuş təcrübəni təhlil etmək və gələcəkdə belə çağırışlara sərrast cavab tədbirləri strategiyası işləyib hazırlamaq lazımdır. O deyib: “Yaxın illərdə biz gözlənilmədən yeni xəstəlik ocaqları ilə üzləşə bilərik. Axı, bunun harada, nə zaman və necə baş verəcəyini sadəcə bilmirik. Bəşəriyyətin təhlükəsizliyi bizim belə ocaqları nə dərəcədə görə biləcəyimizdən, onlara operativ reaksiyamızdan, bu ocaqları söndürmək və bu yolla insanların əzablarını yüngülləşdirmək bacarığımızdan asılıdır”.