Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb
Bakı, 13 may, AZƏRTAC
Mart və aprel aylarında qlobal xam neft ehtiyatlarında rekord səviyyədə - gündəlik 4 milyon barel azalma müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə, Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Fevral ayından bəri bazardan çıxarılan neftin ümumi həcmi 12,8 milyon barelə çatıb ki, bu da tarixdə ən böyük təchizat kəsiri deməkdir.
Bu rüb ərzində qlobal neft istehlakının gündəlik 2,45 milyon barel azalacağı gözlənilir. Bu, COVID-19 pandemiyasından bəri ən kəskin tələbat azalmasıdır. IEA qlobal neft ehtiyatlarının azalmasının qarşıdakı aylarda da davam edəcəyini proqnozlaşdırır.
Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neft bazardan çıxarılıb. Boğazın bağlanması Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi əsas istehsalçıların ixracını faktiki olaraq dayandırıb. Qiymətlərin kəskin artması və məhsul axınlarındakı fasilələr qlobal istehlakı da azaldır.
IEA ardıcıl üçüncü aydır ki, tələbat proqnozlarını aşağı istiqamətdə yenidən nəzərdən keçirir. Ən böyük ziyan xammal çatışmazlığı yaşayan neft-kimya sektoruna və normal səviyyələrdən xeyli aşağı fəaliyyət göstərən aviasiya sektoruna dəyir.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açılamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur.