Masallı və Cəlilabad məktəbliləri şimal bölgəsinə yola düşüblər
Masallı, 26 mart, Bağır Əliyev, AZƏRTAC
Vətənimizin bölgələrinə “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların doqquzuncu turunun ikinci mərhələsinə start verilib. Tur-aksiyada ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edirlər.
Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda martın 26-da səhər tezdən tur-aksiyanın Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçılarını yola salmaq üçün rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. O, məktəbliləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
Müəllim Rüfət Rufullayev, Həsənli kənd orta məktəbin dərs əlaçısı Səkinə Vəliyeva və başqaları çıxışlarında tur-aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, dörd gün davam edəcək ekskursiya zamanı 40 şagirdi 5 nəzarətçi müəllim, bir həkim müşayiət edəcək.
Ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlara qatılacaqlar.
Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün müddətində bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar.
Vurğulanıb ki, Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarında marağına səbəb olacaq.
Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.
Çıxışlarda bildirilib ki, maarifləndirici tur-aksiya çərçivəsində şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi, aprel döyüşləri barədə ətraflı məlumat veriləcək.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar.
Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Sonda aksiya iştirakçılarını Qubaya aparan avtobus yola düşdü.
Martın 26-da “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəlilabad rayonunun məktəbliləri də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ölkəmizin şimal bölgəsinə səyahətə çıxıblar. Tur-aksiya iştirakçılarının yolasalma mərasimində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.