REGİONLAR
Masallıda Beynəlxalq Gənclər Günü qeyd edilib
Masallı, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 12-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Gənclər və İdman idarəsinin rəis müavini Oqtay Mütəllimov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunu yüksək dəyərləndirən O.Mütəllimov, gənclərin cəmiyyətimizin fəal qurucularına çevrildiyini, onların ictimai-siyasi həyatda fəallığının getdikcə artdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edib tariximizin ən parlaq səhifəsini yazdılar, xalqımızın iftixar və qürur mənbəyinə çevrildilər.
Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri qüdrətli sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
Tədbirdə Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Camaləddin Məmmədov, Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cümşüd Müzəffərli, Vətən müharibəsi qaziləri Masur Səvərov və Əşrəf Ağakişili çıxış edərək rayonun gənclərinə ən xoş arzularını çatdırıblar.
Sonda rayonun sosial-ictimai həyatında və dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən bir qrup gənc Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.