Masallıda “Qarabağa qayıdış” devizi altında bilik yarışı keçirilib
Masallı, 14 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Şəhər İncəsənət Məktəbinin şagirdləri arasında “Qarabağa qayıdış” devizi ilə keçirilmiş intellektual bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, musiqi sahəsinin müxtəlif istiqamətlərini əhatə edən yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgər və zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beş məktəbin komandalarının iştirak etdiyi intellektual bilik yarışı iki mərhələdən ibarət olub. Musiqi sahəsinə dair sualları cavablandıran iştirakçılar qalib adı uğrunda maraqlı mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən, “Adajio” komandası münsiflər heyəti tərəfindən qalib elan olunub. Sonrakı yerlərə isə müvafiq olaraq, “Andante” və “Moderato” komandaları layiq görülüblər.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.