Masallıda rəsm sərgisi: “Qələbə ruhlu şəhidlərimiz”
Masallı, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərginin açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədovun və rəssam Təhmasib Məcidovun şəhidlərə həsr etdiyi portretlər, Masallı İncəsənət Məktəbinin şagirdlərinin, Uşaq-İnkişaf Mərkəzinin dərnək üzvlərinin, Sevda Əliyevanın rəsm və əl işləri, eləcə də muzey fondunda qorunub saxlanılan şəhidlərə aid materiallar yer alıb.
Noyabrın 10-dək davam edəcək sərgidə 80-dən çox rəsm əsəri nümayiş etdirilir.