Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən rayon birinciliyində qalib gəlmiş məktəbli şahmatçılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov şagirdləri təbrik edərək bildirib ki, rayon birinciliyinin keçirilməsində məqsəd Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin yad etmək, həmçinin məktəblilərin hərbi-vətənpərvərlik ruhunu artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.