Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Masallı, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı şəhər sakini C.Vəliyev olduğu müəyyən edilib.
C.Vəliyev konstruksiya dəyişikliyi olunmuş “VAZ-2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və bu hərəkətlərini sosial şəbəkələrdə paylaşıb.
Onun barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.