May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib
Bakı, 17 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin may ayında icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, may ayında dövlət tibb müəssisələrinə 809 min 586 şəxs 1 milyon 464 min 654 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 milyon 515 min 698 olub. Tibbi xidmətlərin 84 faizi ambulator, 16 faizi stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 faizini uşaqlar, 71 faizini isə böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin sistemin xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük, əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Bu ilin may ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 312 min 819 şəxs 604 min 237 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 milyon 380 min 369 olub. Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 faizi və göstərilən tibbi xidmətlərin 39 faizi Bakı şəhərinin payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu daxildir.
Cari ilin may ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 512 min 615 şəxs 860 min 417 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 milyon 135 min 329 olub. Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59 faizi və göstərilən tibbi xidmətlərin 61 faizi regionların payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Balakən, Xaçmaz, Abşeron, Quba, Yevlax və Zaqatala rayon mərkəzi xəstəxanaları daxildir.
2022-ci ilin yanvar-aprel ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 12 min 840 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 246-sı uşaqlara, 12 min 594-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 4 min 349-nu oftalmoloji əməliyyat, 4 min 18-ni invaziv radiologiya xidmətləri, 2 min 517-ni ürək-damar cərrahiyyəsi, 608-ni urologiya, 495-ni neyrocərrahiyyə, 102-ni ümumi cərrahiyyə, 101-ni travmatologiya, 57-ni LOR, 21-ni isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 186-dır. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 62 və 324 olmuşdur.
Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-aprel ayları üzrə davam edir. Xatırladaq ki, hazırda agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 57-yə çatır və bu say mütəmadi olaraq yenilənir.