MBBİ-nin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları 27 Sentyabr - Anım Günü ilə bağlı II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, üstünə gül-çiçək dəstələri qoyub, ruhlarına dualar oxuyublar.
Bu barədə AZƏRTAC-a MBBİ-dən məlumat verilib. İnstitutda davam edən tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən institutun direktoru akademik İradə Hüseynova Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığını xatırladıb. Qeyd olunub ki, Azərbaycan 44 günlük müharibədə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük Qələbə bəxş etdilər. Akademik İradə Hüseynova MBBİ kollektivinin əməkdaşlarının arasında da Birinci Qarabağ müharibəsinin əlilləri və iştirakçılarının, İkinci Qarabağ müharibəsində yaxınlarını itirən, övladları qazi olan əməkdaşların olduğunu xüsusi qeyd edib.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, şəhid və qazi ailələrinin üzvləri və yaxınları - institutun icraçı direktoru Ələmdar Məmmədov, laboratoriya müdiri Nurməmməd Mustafayev, elmi işçilər Aygün Sadiqova, Turanə İsgəndərova, institutun Mülki müdafiə qərargahının rəisi Mikayıl Paşayev, Təchizat və xidmət şöbəsinin əməkdaşları Nəsibə Abdullayeva və Fəzail Məmmədov çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiram, sonsuz sevgi və qürurla anıblar.
Tədbirin sonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.