MDB-NİN ZİRVƏ GÖRÜŞÜNƏ HAZIRLIQ GEDİR
MDB ölkələrinin daimi nümayəndələri qarşıdan gələn ali nizamnamə orqanları iclaslarının gündəlikləri layihələrini müzakirə edəcəklər.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 5-də Minskdə Birlik dövlətlərinin MDB-nin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcəkdir. Daimi nümayəndələr oktyabrın əvvəlində Bişkekdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurası və Dövlət Başçıları Şurası iclaslarının gündəlikləri layihələrini, eləcə də Hökumət Başçıları Şurası iclası gündəliyinin ilkin layihəsini nəzərdən keçirəcəklər.
Xarici İşlər Nazirləri Şurasının gündəliyi layihəsinə MDB ölkələrinin humanitar, energetika və təhlükəsizliyin təminatı sahələrində əməkdaşlığına dair 23 məsələ daxil edilmişdir. Dövlət başçılarının müzakirəsinə 18 məsələ, hökumət başçılarının müzakirəsinə isə 36 məsələ çıxartmaq nəzərdə tutulmuşdur.
Bundan əlavə, daimi nümayəndələr MDB ölkələrinin qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı barədə Sazişin iştirakçısı olan dövlətlərin birgə komissiyasının fəaliyyəti haqqında məlumatı dinləyəcək, Birliyin gələcək inkişafı Konsepsiyasının həyata keçirilməsi yollarını müzakirə edəcəklər. İclasda MDB dövlətləri Parlamentlərarası Assambleyasının fəaliyyətinin Birlik ölkələrinin tədris ədəbiyyatında işıqlandırılması, beynəlxalq futbol turnirinin keçirilməsi məsələləri də müzakirə olunacaqdır.