MDB: Sərhəd Qoşunları Komandirləri Şurasının fəaliyyəti müzakirə edilib
Minsk, 15 iyul (AZƏRTAC). Bu gün, iyulun 15-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri Şurasının növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki iqamətgahının mətbuat xidmətindən məlumat veriblər.
Görüşdə daimi nümayəndələr MDB-nin iştirakçısı olan dövlətlərin xarici sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində Sərhəd Qoşunları Komandirləri Şurasının fəaliyyətini müzakirə ediblər.
Birliyin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev jurnalistlərə verdiyi müsahibədə Sərhəd Qoşunları Komandirləri Şurasının fəaliyyətini müsbət qiymətləndirib, onu birgə fəaliyyətin aktual məsələlərinin müntəzəm müzakirə olunduğu, Birliyin sərhədlərinin möhkəmləndirilməsinə yönəldilmiş bir çox konkret tədbirlərin həyata keçirildiyi “MDB-nin ən fəal sahə əməkdaşlığı orqanlarından biri kimi” səciyyələndirib.
S.Lebedev həmçinin bildirib ki, hazırda MDB çərçivəsində Minskdə keçiriləcək payız tədbirlərində müzakirəsi planlaşdırılan sənədlər fəal surətdə hazırlanır.
MDB İcraiyyə Komitəsinin sədri məlumat verərək deyib: “MDB Xarici İşlər Nazirləri Şurasının iclası, yəqin ki, oktyabrın 9-da keçiriləcəkdir. Onun gündəliyi razılaşdırılıb və dövlətlərə göndərilib. Dövlət Başçıları Şurasının iclası oktyabrın 10-na planlaşdırılıb. İlkin məlumata görə, Birlik ölkələri prezidentlərinin əksəriyyəti bu görüşdə iştirak etmək üçün Belarusun paytaxtına gəlmək niyyətindədir. İclasda MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətini müzakirə etmək, habelə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Sovet xalqının Qələbəsinin 70-ci ildönümü ilə əlaqədar olaraq Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə Müraciət qəbul etmək nəzərdə tutulur”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk