REGİONLAR
MDU-da yaz semestrinin imtahan sessiyası davam edir
Bakı, 12 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin iyunun 1-dən başlayan imtahan sessiyası uğurla davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-da bütün imtahanlar əyani formada şifahi və yazılı şəkildə təşkil olunub. 5-9 iyun tarixlərini əhatə edən imtahan günlərində bakalavriat səviyyəsində 144 qrup üzrə 2703 tələbə, ümumilikdə, 234 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 95 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına 4 müraciət ünvanlanıb.
Magistratura səviyyəsində 15 qrup üzrə ümumilikdə 30 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 98,5 faiz olub.
Sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Həftənin çərşənbə günü keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılıb.
Universitetdə yaz semestrinin imtahan sessiyası iyulun 5-dək davam edəcək.