MDU kollektivi Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Bakı, 8 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Zəfər Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin kollektiv üzvləri, həmçinin hazırda iki övladı burada təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər.
Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət olunması diqqət mərkəzində saxlanılır.