“MƏDƏNİYYƏT” KATALOQUNUN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqunun təqdimat mərasimi keçiriləcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin portreti ilə açılan kataloq ulu öndərimizin 85 illik yubileyinə həsr edilmişdir. 300 səhifəlik, rəngli, illüstrasiyalı kataloq üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr etdirilmişdir. O, müxtəlif rubrikalara bölünmüşdür. Bu rubrikalar mədəniyyətin ayrı-ayrı istiqamətlərinə həsr olunmuşdur. Bundan əlavə, nazirliyin fəaliyyətində turizm sahəsi mühüm yer tutduğundan kataloqda Azərbaycan turizmi haqqında da ətraflı informasiya verilir.
Mədəniyyət sahələri - teatr, kino, musiqi, rəngkarlıq, ədəbiyyat, uşaq mədəniyyəti, diaspor mədəniyyəti, analitik mövzu, balet və moda rubrikaları altında təqdim olunur. Məqalələr Rəhman Bədəlov, Məryəm Əlizadə, Aydın Talıbzadə, Niyazi Mehdi, Ülvi Mehdi, Teymur Daimi və başqa tanınmış mütəxəssislər tərəfindən qələmə alınmışdır. Yüksək tərtibat və dizaynla, səliqəli təqdim olunan kataloqun baş redaktoru Leyla Əfəndiyevadır.
Kataloqun musiqi rubrikasında muğam sənətinin inkişafı və qorunmasından, incəsənətin bu unikal sahəsinə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs olunur. Eyni zamanda, rubrikada ötən il şəhərimizdə keçirilən klassik konsertlərdən, caz festivallarından, teatr rubrikasında mövsümün ən yaxşı teatrı olan ÜNS Teatrı və bu teatrda səhnələşdirilən “Əli və Nino” tamaşasından söhbət açılır.
Yeni nəşrdə uşaq yaradıcılığı, mədəniyyət sferasındakı problemlər, xaricdə təşkil olunan ən yaxşı konsert və sərgilər, nəşriyyat problemləri, balet, həmçinin modelyer Fəxriyyə Xələfovanın yaradıcılığı haqqında məqalələr dərc olunub.
Müasir üslubda və tərtibatda nəşr olunan kataloqda Azərbaycanın ən yaxşı fotoqraflarının mədəniyyətimizlə bağlı çəkdikləri keyfiyyətli fotolar və ayrı-ayrı məqalələr üçün maraqlı illüstrasiyalar da yer alır.
Kataloqda Azərbaycan dövlətinin apardığı mədəniyyət siyasətinin konkret nəticələri, yeni mədəni intibahın dərinləşməsi prosesi peşəkarlıqla ifadə edilmişdir.