“Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti tədbir
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib. Mərkəzin və muzeyin təşkilati dəstəyi ilə reallaşan seminar “Cəmiyyətin inkişafında mədəniyyətin rolu” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev əvvəlcə muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib. Diqqəti layihənin əhəmiyyətinə yönəldən mərkəzin direktoru əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğulayıb, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd edib.
Mərkəzin elmi katibi Cavid Əliyev seminarın əhəmiyyətindən, qarşıya qoyulan məqsədlərdən bəhs edib. O bildirib ki, “Mədəniyyət naminə elm” layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmov “Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət” mövzusunda çıxış edib və o dövrdə görülən işlərdən, elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən söz açıb. Qısa zaman ərzində hər üç sahə üzrə böyük məsafə qət edildiyini vurğulayan natiq bu gün də həmin siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova mərkəz tərəfindən təltif olunub.