Mədəniyyət və İncəsənət Universitetində “Batalyon” sənədli filmi nümayiş olunub
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış rejissor, Əməkdar İncəsənət Xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub.
ADMİU-dan AZƏRTAC-a bildirilər ki, Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” studiyası tərəfindən hazırlanan film 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonunun düşmən işğalından azad olunan ərazilərində aparılıb.
Film universitetin kollektivi tərəfindən maraqla izlənilib.
Universitetin kino və televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, professor Rafiq Quliyev film haqqında təəssüratlarını bölüşüb, rejissora minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, filmdə vətənpərvərlik hissləri tamaşaçıya çox təsirli və səmimi şəkildə çatdırılır. Rejissor hər bir azərbaycanlı üçün ağrılı olan Qarabağ mövzusuna çox dəqiq və xüsusi həssaslıqla yanaşıb. Bu da Nizami Abbasın Qarabağ müharibəsi iştirakçısı olmasından irəli gəlir. Vurğulanıb ki, ötən əsrin 90-cı illərində Tərtər batalyonunda erməni silahlıları ilə döyüşən mərd oğullarımızın şücaəti gənclərimiz üçün örnəkdir.