MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ SANKT-PETERBURQUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Qonaqları səmimi salamlayan nazir Əbülfəs Qarayev bildirmişdir ki, Sankt-Peterburqun Azərbaycanda keçirilən mədəniyyət günləri ölkəmizin mədəni həyatında mühüm hadisədir. Azərbaycanda Rusiya İli çərçivəsində ölkəmizdə Rusiyanın regionlarının mədəniyyət günlərinin uğurla keçdiyini diqqətə çatdıran Ə.Qarayev vurğulamışdır ki, gələcəkdə də mədəni əlaqələrimiz inkişaf etdiriləcəkdir.
Nazir muzeylərin, kitabxanaların, teatrların yeniləşdirilməsi və binaların əsaslı təmiri ilə bağlı ölkəmizdə aparılan işlər barədə məlumat vermiş, ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Azərbaycanda milli azlıqların yaradıcılıq festivalının keçiriləcəyini diqqətə çatdırmışdır.
Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarından məmnunluğunu ifadə edən Nikolay Burov, Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etdiklərini, məzarı önünə əklil və gül-çiçək qoyduqlarını bildirmişdir. Qonaq Sankt-Peterburqda Heydər Əliyevin təhsil aldığı ali məktəbin binasına ulu öndərimizin memorial xatirə lövhəsinin vurulduğu barədə məlumat vermişdir.
Azərbaycan diasporunun Sankt-Peterburqda fəallığını vurğulayan N.Burov, orada soydaşlarımızın böyük nüfuz qazandığını demişdir. Hazırda Azərbaycan məktəbinin yaradılması məsələsi həll edilir.
Görüşdə son illərdə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində prezidentlər İlham Əliyevin və Vladimir Putinin səyləri yüksək qiymətləndirilmişdir.