CƏMİYYƏT
“Medinex” Tibb İnnovasiyaları Sərgisində TƏBİB-in pavilyonu fəaliyyət göstərəcək
![“Medinex” Tibb İnnovasiyaları Sərgisində TƏBİB-in pavilyonu fəaliyyət göstərəcək](/files/2022/3/1200x630/16668817523537662717_1200x630.jpg)
Bakı, 27 oktyabr, AZƏRTAC
TƏBİB “Medinex” Tibb İnnovasiyaları Sərgisində rəsmi tərəfdaş olmaqla bərabər pavilyonla da təmsil olunacaq.
AZƏRTAC bildirir ki, bunu noyabrın 3-5-də Bakıda keçiriləcək “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri ilə bağlı mətbuat konfransında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər barədə məlumat verən Z.Ədilova bildirib ki, sərgi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə olunacaq: “Laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi, ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, mikrobiologiyada aktual mövzular və yeni test modelləri, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələr üçün stomatoloji və fizioterapevtik kabinetlərin xüsusiyyətləri, nutrigenetika, tibbi təlimlərdə və tibb təhsilində 3D mulyajlar, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzuları ətrafında sahənin mütəxəssisləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi və müzakirələr aparacaqlar”.
Z.Ədilova, həmçinin “Medinex” sərgisində “DocDeti” klinikasında həkim-psixiatr, “Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyası”nın təsisçisi Yelisey Osinin psixiatrlar, nevroloqlar, o cümlədən valideynlər üçün "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda çıxış edəcəyini, sərgidə ənənəvi olaraq, yerli və xarici sahibkarlarla işgüzar görüşlərin keçiriləcəyini də qeyd edib.
Onun sözlərinə görə, TƏBİB-in sərgidə fəaliyyət göstərən pavilyonda tabeli tibb müəssisələrinin fəaliyyəti, göstərilən xidmətlərlə yanaşı, tibbin tarixini əks etdirən alət və cihazlar, eləcə də fotosərgi nümayiş olunacaq.