MƏHƏMMƏD ƏSƏD BƏY (QURBAN SƏİD) HAQQINDA YENİ ARXİV MATERİALLARI TAPILMIŞDIR
N.Atəşinin sözlərinə görə, “Neues Wiener Tagblatt” (1937-ci il, 29 avqust), “Hamburqer Nachrichten” (1937-ci il, 26 iyul), “Deutsche Zeitung” (Praqa, 1937-ci il, 5 sentyabr), “Deutsche Allgemeine Zeitung” (1937-ci il, 22 sentyabr), “Das Echo” (Vyana, 1937-ci il, 12 iyul) və “Der Wiener Tag” (1937-ci il, 11 iyul) qəzetlərində dərc olunan məqalələrdə “Qurban Səid” adının təxəllüs olduğu, “Əli və Nino” əsərində müəllifin öz şəxsi yaşantılarını qələmə aldığı, heç bir avropalının belə bir əsər yaza bilməyəcəyi vurğulanır.
Digər sənədlərdə də Əsəd bəyin müəllif olması barədə sübutlar var. Məsələn, bunlardan birində bildirilir ki, xanım Elfride Ehrenfels 1938-ci il fevralın 1-də Vyanada “Zinnen” nəşriyyatı ilə müqavilə bağlamışdır. İlk bənddə deyilir ki, “Nəşriyyat Qurban Səidin vəkil etdiyi şəxs kimi verdiyi etibarnaməni bizə təqdim etdikdən sonra Elfride Ehrenfelslə aşağıdakı müqaviləni bağlayırıq”. Elfride Ehrenfelsin “Tal” nəşriyyatı ilə bağladığı müqavilə barədəki sənədlərin birində isə bildirilir ki, nəşriyyat “Əli və Nino” romanı üçün qonorar kimi Əsəd bəyə 3 qızıl saat vermişdir.
1974-cü il iyunun 10-da Elfride Ehrenfels alman ədəbiyyatşünası Əhməd Şmideyə yazdığı məktubunda bildirir ki, “Qurban Səid” bakılı Məhəmməd Əsəd bəyin yazıçı təxəllüslərindəndir. Biz 1938-ci ildə onun “Altunsaç” romanı üzərində bərabər işləmişik”. 1976-cı ildə isə xanım Elfride Ehrenfels “Qurban Səid” təxəllüsü ilə bağlı verdiyi açıqlamasında özünün həmin romanın müəllifi olmadığını bəyan etmişdir. O, həmişə “bizim” yox, “onun” romanı ifadəsini işlədir. Əsəd bəyin 1973-cü ildə “Desch” nəşriyyatı tərəfindən çap edilmiş “Altunsaç” romanına ön söz yazan Omar Ehrenfels Əsəd bəylə yaxın dost olduğunu və “Əli və Nino” romanını onun yazdığını bildirir. Əsəd bəy sonuncu əsərini, nəşr olunmamış qalan “Der Mann von der Liebe nichts verstanden hat” (“Kişi sevgidən heç nə anlamadı”) romanını “Qurban Səid” imzası ilə yazmışdır.