CƏMİYYƏT
Məhkəmə arxeologiyası və antropologiyası mövzusunda beynəlxalq konfrans plenar sessiyalarla davam edir YENİLƏNİB
![](/files/galleryphoto/2023/2/1200x630/w_161684912552797234592_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616849125522297932426_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616849125531060420025_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans mayın 24-də öz işini plenar sessiyalarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilir.
İkigünlük beynəlxalq konfransda müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşürlər.
Tədbirin məqsədi məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi işçiləri bir araya gətirərək qeyd edilən sahələrin beynəlxalq standartlar, multidisiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulması və inkişaf etdirilməsidir.
Tədbirdə beynəlxalq ekspertlərin, BQXK əməkdaşlarının, BOXK-nin psixi sağlamlıq və psixososial dəstək, tibbi-ekspertiza şöbələrinin və itkin düşmüş şəxslərin ailələrinin nümayəndələrinin iştirakı ilə məhkəmə arxeologiyası: örnək işlər, məhkəmə antropologiyası, şəxsiyyətin müəyyən edilməsi prosesi, itkin düşmüş şəxslərin ailələri prosesin bir hissəsi kimi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də məhkəmə antropoloqu Luis B.Fondebriderin “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının itkin düşmüş şəxslərin axtarışı prosesində əhəmiyyəti”, BQXK-nın Avrasiyada məhkəmə ekspertizası üzrə regional meneceri Metyu Vennemeyerin “Məhkəmə arxeologiyasının itkin düşmüş şəxslərin humanitar məqsədlərlə axtarışı və identifikasiyasında rolu”, Ankara Universitetinin Antropologiya kafedrasının müdiri Ayla Sevim Erolun “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının Türkiyədə inkişafı”, Ankara Universitetinin Antropologiya kafedrasının əməkdaşı Timur Gültekinin “Fəlakət zamanı antropologiya” mövzularında məruzələri dinlənilib və plenar sessiyalar keçirilib.
İkigünlük beynəlxalq konfrans bu gün başa çatacaq.