CƏMİYYƏT
Məktəbli uşaqların qidalanması və qurd xəstəliklərinə qarşı maarifləndirici tədbir keçirilib
![Məktəbli uşaqların qidalanması və qurd xəstəliklərinə qarşı maarifləndirici tədbir keçirilib](/files/2022/3/1200x630/16669667682532225460_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə məktəbli uşaqların qidalanması və qurd xəstəliklərinə qarşı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova “Qurd xəstəliklərinin profilaktikası” mövzusunda geniş təqdimatla məruzə edərək qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu xəstəlik daha çox 5-14 yaşlı uşaqlar arasında müşahidə olunur və müalicə edilmədikdə bir sıra problemlərə, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, qəbizliyə, qan azlığı kimi xəstəliklərə gətirib çıxara bilər.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatında uşaq və yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyətindən söz açıb, gənc nəslin düzgün və balanslı qidalanması ilə bağlı tövsiyələri nəzərə çatdırıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.