MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN 30 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Həmin gün universitetin müəllim və tələbələri, əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dünya şöhrətli dövlət xadiminin xatirəsini ehtiramla anmış və abidəsi önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə gül-çiçək düzmüşlər.
Sonra universitetin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək,
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd Vətən övladlarının məzarları üzərinə gül-çiçək düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
X X X
Yubiley günü Azərbaycan Memarlıq və İnşaat Universitetində xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin büstünün təntənəli açılışı olmuşdur.
Büstün müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.
Alqış sədaları ilə büstün üzərindən örtük götürülmüş, önünə əklil və gül dəstələri qoyulmuşdur.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova, YAP sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov, BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, Texniki Universitetin rektoru Havar Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mərasimdə çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranması, möhkəmlənməsi və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlərindən, memarlıq və inşaat sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında, universitetin müasir tələblərə uyğun təhsil ocağı səviyyəsinə çatmasında rolundan danışmışlar. Eyni zamanda, ulu öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Natiqlər ümummilli liderin Azərbaycanda elm və təhsilin, mədəniyyətin inkişafına göstərdiyi daimi diqqət və qayğıdan söz açmış, onun zəngin ideya-siyasi irsinin daha dərindən öyrənilməsinin zəruriliyini bildirmişlər.
Qeyd olunmuşdur ki, Heydər Əliyevə ucaldılan hər bir abidə xalqımızın dahi oğluna sonsuz sevgi və məhəbbətinin ifadəsidir.
X X X
Daha sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 30 illik yubileyinə həsr edilmiş yığıncaq olmuşdur.
Azərbaycanın Dövlət himni səsləndi.
Xalqımızın dahi oğlu, bu ali təhsil ocağının qurucusu Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif olunması və fəxri adlara layiq görülməsi barədə dövlətimizin başçısının sərəncamlarını oxudu. Azərbaycan Prezidentinin tapşırığı ilə onlara “Tərəqqi” medallarını, “Əməkdar müəllim”, “Əməkdar memar” fəxri adlarının vəsiqələrini, döş nişanlarını təqdim etdi. Nazir yüksək etimada, əməklərinə verilən qiymətə görə ölkəmizin çoxminlik təhsil işçiləri adından Prezidentə minnətdarlığını söylədi.
M.Mərdanov bildirdi ki, nazirliyin Kollegiyasının qərarı ilə universitetin bir qrup müəllimi “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif olunmuşdur. Universitetin müəllim və tələbə kollektivini əlamətdar yubiley münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzuladı.
Universitet haqqında çəkilmiş film göstərildikdən sonra rektor Gülçöhrə Məmmədova məruzə ilə çıxış etdi.
Bildirildi ki, 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi açılmış, 1930-1934-cü illərdə o, müstəqil Memarlıq və İnşaat İnstitutuna çevrilmiş, 1934-cü ildən isə Azərbaycan Sənaye İnstitutunun tərkibində memarlıq-inşaat fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutu yaradılanda fakültə onun tərkibinə keçmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu fəaliyyətə başlamışdır. 2000-ci il iyunun 13-də Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Universitet bu illər ərzində respublikada memarlıq və inşaat elminin, təhsilinin təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. Təhsil ocağında yetişdirilən kadrlar Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynamış, onun məzunları ölkəmizdən kənarda da səmərəli fəaliyyət göstərmiş, respublikamızın adını yüksəklərə qaldırmışlar.
Ulu öndər Heydər Əliyevin memarlığa və inşaata qayğısı ölkəmizdə onun rəhbərliyi ilə gedən genişmiqyaslı quruculuq işlərində və bu universitetin inkişafında da öz əksini tapmışdır. 1970-80-ci illərdə 15 və 12 mərtəbəli iki tədris korpusunun və 9 mərtəbəli iki yataqxana binasının tikilməsi nəticəsində universitetin müasir maddi-texniki bazası üçün möhkəm zəmin yaradılmışdır. Hazırda universitetin 7 fakültəsində 4,5 mindən artıq tələbə 22 istiqamətdə 40 ixtisas üzrə bakalavr, 17 istiqamətdə 36 ixtisas üzrə magistr pilləsində təhsil alır. Universitetin 46 kafedrasında və 5 elmi tədqiqat laboratoriyasında 54 elmlər doktoru, professor, 600-dək elmlər namizədi, dosent və müəllim çalışır. İki elmi şura fəaliyyət göstərir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü lisey yaradılmışdır. İxtisasartırma fakültəsində bir neçə proqram üzrə inşaatçı mühəndis kadrların yenidən hazırlanması təşkil edilmişdir.
Məruzəçi vurğuladı ki, universitet fəaliyyətə başladığı gündən xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlamış, dünyanın nüfuzlu elm-tədris mərkəzləri və beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmışdır. Hazırda burada 10-dan artıq xarici ölkədən gəlmiş tələbə və aspirantlar təhsil alırlar. 15 xarici universitetlə əməkdaşlıq müqavilələri əsasında əlaqələr inkişaf etdirilir. Son illər universitetdə müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə təhsil, elm və memarlıq-bərpa problemlərinə dair 7 beynəlxalq layihə həyata keçirilmişdir.
Rektor xatırlatdı ki, universitetin müəllim, məzun və tələbələrindən 40 nəfəri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuşdur. Onlardan 5 nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Şəhidlərin xatirəsi həmişə ehtiramla yad edilir.
30 yaşlı Azərbaycan Memarlıq və İnşaat Universiteti müstəqil ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatını müasir səviyyəli inşaatçı kadrlarla təmin etmək məqsədi ilə öz fəaliyyətini təkmilləşdirir, Avropa təhsil sisteminə inteqrasiya olunur.
Universitetə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən rektor dövlətimizin başçısını əmin etdi ki, universitetin kollektivi müstəqil Azərbaycanı müasir səviyyəli, dövrün tələblərinə cavab verən ixtisaslı memar və mühəndis kadrları ilə təmin etmək üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Müraciətdə deyilir:
- Möhtərəm cənab Prezident!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 30 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətinə və tələbələrinə göstərdiyiniz diqqətə görə, böyük ənənələri olan bu təhsil ocağının respublikamızın iqtisadi tərəqqisində roluna verdiyiniz yüksək qiymətə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Sizin müdrik rəhbərliyiniz altında uğurla davam etdirilən yeni Azərbaycan quruculuğu siyasəti qısa zaman kəsiyi ərzində ölkəmizi bölgənin ən nüfuzlu və qüdrətli dövlətinə, dünya birliyinin bərabər hüquqlu üzvünə çevirmişdir. İqtisadiyyatımızın bazar prinsipləri əsasında yenidən qurulması və ölkəmizin beynəlxalq inteqrasiya proseslərinə fəal şəkildə qoşulması, çox mühüm transmilli layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı, xarici sərmayələrin ölkəmizə güclü axını qeyri-neft sektorunun və regionların sürətli inkişafı üçün əlverişli zəmin yaratmış və vətənimizin iqtisadi inkişafının təmin edilməsinə, əhalinin sosial rifahının yüksəlməsinə səbəb olmuşdur.
Son illərdə bütün sahələrlə yanaşı, təhsilimiz də böyük inkişaf yolu keçmiş, ixtisaslı kadrların hazırlığında, təhsilin səviyyəsinin yüksəldilməsində, ali və orta ixtisas məktəblərində təhsilin dövrün tələblərinə uyğun şəkildə qurulmasında nəzərəçarpan uğurlar əldə edilmişdir. Şəxsən Sizin yüksək diqqət və qayğınız nəticəsində məktəblərin tikintisinə, onların yenidən qurulmasına və müasir avadanlıqla təchiz edilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar təhsilimizin yeni mərhələyə qədəm qoyduğunu, mövcud olan problemlərin tədricən aradan qaldırıldığını sübut edir. Bu sahədə müvəffəqiyyətlərin qazanılmasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin də rolu böyükdür.
Azərbaycan mədəniyyət tarixində memarlıq və inşaat ənənələrinin rolu danılmazdır. Qədim dövrlərə aid olan tarixi abidələr, orta əsrlərdə yaradılmış maddi-mədəniyyət nümunələri və memarlıq inciləri dediklərimizi bir daha təsdiq edir. XX əsrin 70-ci illərindən başlayan geniş quruculuq işləri tikinti və memarlığın inkişafına da güclü təkan vermişdir. Maddi mədəniyyətimizin zənginləşməsində böyük əhəmiyyəti olan bu dövr daim yaddaşlarda Heydər Əliyev dövrü kimi yaşayacaqdır. Heydər Əliyev istedadlı memar kimi öz təkrarsız layihələri ilə Azərbaycanı kərpic-kərpic, mərtəbə-mərtəbə tikdi və yeni müasir Azərbaycan yaratdı. Onun birbaşa göstərişi və bilavasitə iştirakı ilə ölkədə minlərlə yaşayış, mədəni-məişət tikililəri, ictimai və inzibati binalar ucaldılmış, yollar çəkilmiş, yeni park və xiyabanlar salınmış, yarımçıq qalmış onlarca mühüm obyektin inşası başa çatdırılmışdır.
XX əsrdə Azərbaycanda saysız-hesabsız memarlıq nümunələri inşa olunmaqla yanaşı, bu sənətin nəzəri əsaslarının bir elm kimi fundamental şəkildə öyrənilməsinə də başlanmışdır. Təsadüfi deyil ki, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması haqqında qərar verdi.
Cənab Prezident!
Təhsil ocağımız şərəfli fəaliyyət tarixinin 30 illiyini artıq arxada qoymuşdur. Bu dövr ərzində universitetimizdə iqtisadiyyatımızın müxtəlif sahələri üçün 40 mindən çox ixtisaslı kadrlar hazırlanmışdır. Müasir dövrdə inşaat və memarlığın yalnız tarixi baxımdan deyil, həm də Azərbaycanın iqtisadi tərəqqisi üçün böyük əhəmiyyət kəsb etməsi bu sahənin inkişafını xüsusilə önəmli edir. Təbiidir ki, bu mənada Azərbaycanda müasir dövrümüzün tələblərinə cavab verən kadrların hazırlanmasına ehtiyac böyükdür. Sizin iki il öncə imzaladığınız “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası digər sahələrlə yanaşı, genişmiqyaslı tikinti işlərini də zəruri edir. Bu işlərin yerinə yetirilməsi üçün yüksək ixtisaslı inşaatçı kadrların hazırlanması vacibdir. Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatını müasir səviyyəli inşaatçı kadrlarla təmin etmək məqsədi ilə öz fəaliyyətini daim təkmilləşdirir, yeniləşdirir və Avropa təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf edir. Eyni zamanda, belə bir faktı danmaq olmaz ki, iqtisadiyyatda bazar münasibətləri dərinləşdikcə, qloballaşma prosesi həyatımıza daha sürətlə nüfuz etdikcə və dünya təsərrüfat sisteminə Azərbaycanın inteqrasiyası gücləndikcə müasir inşaat və memarlığa tələblər daha da yüksələcəkdir.
Möhtərəm Prezident!
Kollektivimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Sizin uğurla davam etdirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir, ölkəmizdə bərqərar olmuş siyasi sabitliyi, əldə edilmiş yüksək iqtisadi inkişaf sürətini rəğbətlə qarşılayır.
Sizi əmin edirik ki, kollektivimiz Memarlıq və İnşaat Universitetinə göstərdiyiniz səmimi münasibəti və qayğını gələcək inkişafın təminatı kimi qəbul edərək, bütün qüvvə və bacarığını qarşımızda qoyulmuş məsul vəzifələrin icrasına, ulu öndərimiz Heydər Əliyevin xalqımıza tarixi əmanəti olan müstəqil Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə sərf edəcəkdir.
X X X
Rəsmi hissədən sonra respublika incəsənət ustaları və universitetin bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər.
Yığıncaqda Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin məsul işçiləri, Milli Məclisin deputatları, görkəmli elm, mədəniyyət xadimləri, ali məktəblərin rektorları, universitetin məzunları, xarici ölkələrdən gəlmiş nümayəndələr iştirak edirdilər.