MƏDƏNİYYƏT
“Mənəvi səyahət” müsabiqəsinin qalibləri mükafatlandırılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Misir Mədəniyyət Mərkəzində “Mənəvi səyahət” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Burada, həmçinin ən yaxşı əsərlərdən ibarət sərgi açılmışdır. Ekspozisiyada müsabiqəyə qatılan “Esmeralda” studiyasının yetirmələrinin 60-dək əsəri nümayiş etdirilir.
Müsabiqə barədə qısa məlumat verən studiyanın rəhbəri Esmeralda Tağızadə demişdir ki, 2000-ci ildə təşkil edilmiş studiyada uşaq və yeniyetmələr, habelə gənc rəssamlar məşğul olurlar.
Sərgidə nümayiş etdirilən əsərlər İslam mövzusuna həsr olunmuşdur. Din mövzusu çox dərin və fərdi bir mövzudur. Hər bir insanın Tanrıya öz yolu vardır və hər bir insan Tanrını özünəməxsus şəkildə dərk edir. Gənc rəssamlar da öz əsərlərində elə bu fikirləri çatdırmağa çalışmışlar.
Ekspozisiyada yer alan rəsmlər arasında Misirə, onun misilsiz mədəniyyətinə, rəmzləri olan Nefertitiyə və fironlara həsr olunmuş əsərlər diqqəti cəlb edir.
Müsabiqənin bütün iştirakçılarına minnətdarlığını bildirən Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Mustada Moavad Əbdül-Tavab Əbu-Zeyd demişdir ki, ən yaxşı əsərlər Misirə sərgiyə göndəriləcəkdir.