Mərakeşli jurnalistlər Böyük Qayıdış proqramının icrası barədə məlumatlandırılıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup mərakeşli media təmsilçisi ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, Böyük Qayıdış proqramının icrası barədə məlumat verib.
Prezident İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə daimi qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qayıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar.
Bildirilib ki, Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülür. İndiyədək 4 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.
“Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab komitənin fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı verilən məlumat üçün təşəkkürünü bildirib, görüşün keçirilməsindən məmnunluq ifadə edilib. Bildirilib ki, həmin ərazilərdə aparılan işlər dünya mediasının da diqqətindədir və prosesləri onlar da diqqətlə izləyirlər.
Görüşün sonunda Dövlət Komitəsinin sədri BBMTV telekanalının jurnalisti Buçayib Raddaya müsahibə verib və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində görülən işlər barədə xarici medianı maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama, Şuşaya və işğaldan azad olunmuş digər ərazilərə səfər edəcəklər.