REGİONLAR
“Mərhəmətli olmağa tələsin!”: 200-ə yaxın uşaq sevindi FOTO
Sumqayıt, 30 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ənənəvi keçirilən “Mərhəmətli olmağa tələsin!” aksiyasının təşkilatçıları Yeni il ərəfəsində 200-ə yaxın uşağı sevindirib.
AZƏRTAC xəbər verir ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Mərhəmətli olmağa tələsin!” devizi altında keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulub.
İctimai Birliyin akt zalında keçirilən tədbirdə “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov qeyd edib ki, 10 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas məqsədi aztəminatlı ailələrin, həmçinin sağlamlıq və maddi imkanları məhdud olan uşaqların isti qış geyimləri ilə təmin edilməsidir. Ötən dövr ərzində bu aksiya nəticəsində minlərlə uşağa yardım olunub.
Çıxışlarda təşkilatçıların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıq bildirilib.
Tədbirdə bir ay davam edən aksiya nəticəsində əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri nəzərdə tutulmuş insanlara paylanılıb. Ümumilikdə, aksiyadan 200 nəfərə yaxın insan bəhrələnib.
“Azərikimya” İstehsalat Birliyi, Etilen-Polietilen zavodu, “Qartal” tikinti firması, “SOCAR-Polymer” MMC, “SOCAR Karbamid” zavodu, "Paşa Həyat Sığorta", "Paşa Sığorta", Səhiyyə şöbəsi, “Unikal” və “Qəlb” özəl klinikaları, "Müasir Stomatologiya Mərkəzi" budəfəki xeyriyyə aksiyasında fəal iştirak ediblər.