Mərkəzi Nəbatat Bağında qızılgül sortları sərgisinin açılışı olub
Bakı, 29 may, P.İmanova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında qızılgül kolleksiyasında olan və seleksiya üsulu ilə bağın alimləri tərəfindən əldə edilmiş qızılgül sortları sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hisslərini aşılamaq, o cümlədən qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir.
Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov deyib ki, indiyədək laboratoriyada xarici ölkələrdən gətirilən 570-dən çox qızılgül sortu introduksiya edilib, yəni yerli şəraitə uyğunlaşdırılıb. Hər il kolleksiyaya yeni sortlar əlavə olunur. Bu qızılgül sortları ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya, Rusiya və s. ölkələrin kultivarları olmaqla müxtəlif illərdə laboratoriyanın əməkdaşları tərəfindən introduksiya edilib. Bildirilib ki, Mərkəzi Nəbatat Bağı qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik və zəngin təcrübəyə malikdir. Bağda 35 ildə dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işləri aparılır. Qızılgül sortlarının introduksiyasında əsasən göz calağı, yaşıl və yarıodunlaşmış qələmlə çoxaltma üsullarından istifadə olunur. Bağda xarici ölkələrin kultivarlarının introduksiya olunması ilə yanaşı, 2006-cı ildən Azərbaycanda ilk dəfə seleksiya və hibridləşmə üsulu ilə qızılgül sortlarının yetişdirilməsinə başlanılıb. Hazırda bağın təcrübə və kolleksiya sahələrində seleksiya nəticəsində qızılgülün 850-dən çox hibrid formaları və onların vegetativ üsullarla artırılmış dörd mindən çox reproduksiyası toplanıb.
Sonra iştirakçılar sərgidə təqdim olunan qızılgül sortları ilə tanış olublar.