MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI DAİRƏ SEÇKİ KOMİSSİYALARININFƏALİYYƏTİNİN MONİTORİNQİNƏ BAŞLAYIR
Noyabrın 14-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov monitorinq qruplarının üzvləri ilə müşavirə keçirmiş, onlara son tapşırıqlarını vermiş və monitorinq zamanı dairə seçki komissiyalarının yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əməkhaqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər genişmiqyaslı yoxlamanın aparılmasının zəruriliyini diqqətə çatdırmışdır. Sədr bildirmişdir ki, DSK-ların maddi-texniki təchizatı, adları seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyətə dair ciddi araşdırmaların aparılması vacibdir. İlkin olaraq monitorinq Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazilərində yerləşən seçki dairələrini əhatə edəcəkdir. Bu ərazilərdə yerləşən məcburi köçkün rayonlarının seçki dairələrində də monitorinq aparılacaqdır. Beləliklə, ilkin mərhələdə cəmi 38 DSK-da monitorinqin aparılması, bu tədbirin noyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulmuşdur. Monitorinq sonra digər dairələrdə də keçiriləcəkdir. Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov da monitorinq qruplarının üzvlərinə görüləcək işlər barədə tövsiyələr vermişdir.