MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Noyabrin 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
2002-ci il noyabrın 2-də Azərbaycan Respublikasının bəzi bələdiyyələrinə sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması üçün keçirilmiş yeni seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayət ərizələrinin araşdırılması barədə Komissiya üzvlərinin məlumatları dinlənilmişdir.
11 saylı Xətai seçki ərazisinin Xətai Rayon Bələdiyyəsinə seçkilər zamanı 113 və 114 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə təsir edən qanun pozuntularına yol verildiyi bildirilmişdir. Müzakirədən sonra həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınmışdır.
54 saylı Masallı seçki ərazisinin Masallı Şəhər Bələdiyyəsinə seçkilərdə 3 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticəsinə təsir göstərən qanun pozuntusunun olması təsdiq edildiyinə görə, həmin məntəqə üzrə səsvermənin nəticələri də etibarsız sayılmışdır.
17 saylı Lənkəran seçki ərazisi üzrə Aşağı Nüvədi kənd bələdiyyəsinə, 40 saylı Dəvəçi seçki ərazisi üzrə Ağalıq kənd bələdiyyəsinə, 44 saylı İmişli seçki ərazisi üzrə Kürdmahmudlu kənd bələdiyyəsinə, 46 saylı Yardımlı seçki ərazisi üzrə Yeni Abidinli və Peştəsər kənd bələdiyyələrinə, 58 saylı Sabirabad seçki ərazisi üzrə Şıxsalahlı kənd bələdiyyəsinə seçkilərlə əlaqədar şikayətlər Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən yerlərdə yoxlanıldıqdan sonra ərizələrdəki faktların əsassız olduğu müəyyənləşdirilmiş və Komissiya həmin məntəqələr üzrə səsvermənin nəticələrini qüvvədə saxlamışdır.
“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə uyğun olaraq, yeni seçkilərin nəticələri səsvermə günündən ən geci iki ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbu orqanında dərc olunacaqdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Msk-nın mətbuat xidməti