“Mərmidən xatirələr” kitabının təqdimatı keçirilib
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Naxçıvanda şanlı Zəfərimizin birinci ildönümü silsilə tədbirlərlə qeyd olunur. Bu çərçivədə gənc yazıçı Abdulla Quliyevin Vətən müharibəsinə Əlahiddə Ümumqoşun Ordu sıralarından yollanan və 44 günlük Vətən müharibəsində rəşadət göstərərək Şuşaya qədər döyüş yolu keçən qazilərdən bəhs edən “Mərmidən xatirələr” adlı kitabı təqdim olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və digər çıxış edənlər kitabın məziyyətlərindən bəhs edib, nəşrin qəhrəmanlarımızın keçdiyi döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Yazıçılar Birliyi üzvlərinin, ictimaiyyət nümayəndələrinin və Vətən müharibəsi iştirakçılarının qatıldığı tədbirdə Təbriz Zeynalov qazilər adından minnətdarlıq edib, Vətənə, torpağa sevgini ifadə edən kitabın önəmini qeyd edib.
Çıxışların ardından imza günü keçirilib.