MƏTBUAT ŞURASI “DƏRYAZ” VƏ “AZƏRBAYCAN CƏMİYYƏTİ” QƏZETLƏRİNİ “REKET QƏZET” ADLANDIRMIŞDIR
Mətbuat Şurasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, iclasda Xətai Rayon İcra Hakimiyyətinin “Bakı press”, şair Paşa Qəlbinurun “İcmal”, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Azadlıq”, Ucar şəhərinin sakini Şakir Ələkbərovun “Bakı xəbər”, Bakıdakı 240 nömrəli məktəbin direktoru Esmira Məmmədovanın “Dəryaz” və “Azəri” firmasının direktoru Kəmaləddin Əliyevin “Azərbaycan cəmiyyəti” qəzetlərinə qarşı iddiaları ilə bağlı məsələlərə baxılmışdır.
Komissiyanın sədri Elçin Şıxlı Mətbuat Şurası İdarə heyətinin yenidən araşdırılmaq üçün geri qaytardığı birinci məsələ barədə məlumat verdikdən sonra “Bakı press” qəzetinin baş redaktoru Novruz Qubadlının izahatı dinlənilmişdir. Baş redaktor Xətai RİH-in şikayətində adı çəkilən yazıların müəllifi Ağahüseyn Eminovun qərəzli mövqeyinə görə və qeyri-etik hərəkətlərə yol verdiyi üçün vəzifəsindən kənarlaşdırıldığını bildirmişdir.
“İcmal” qəzeti 2004-cü il 1 iyul tarixli nömrəsində şair Paşa Qəlbinurun misrasını təhrif olunmuş şəkildə dərc etdiyinə görə müvafiq təkzib verməsi qərara alınmışdır.
“Azadlıq” qəzetinin 6 və 7 iyul tarixli nömrələrində dərc olunmuş “Portuqaliyada futbol, Azərbaycanda rüşvət həyəcanı” və “Universitetlərə qəbul neçəyədir” sərlövhəli yazılarla əlaqədar TQDK-nın öz məktubunun olduğu kimi dərc edilməsinə dair istəyi nəzərə alınmış və bu barədə müvafiq qərar qəbul olunmuşdur.
Ucar şəhərinin sakini Ş.Ələkbərovun “Bakı xəbər” qəzetinə qarşı iddiası müəyyən araşdırma tələb etdiyinə görə, bu məsələnin komissiyanın növbəti iclasında müzakirəsi qərara alınmışdır.
“Dəryaz” və “Azərbaycan cəmiyyəti” qəzetləri ilə əlaqədar iddiaların müzakirəsi zamanı komissiya hesab etmişdir ki, bu nəşrlər şikayətçi şəxslərin şərəf və ləyaqətlərini kobud şəkildə tapdalayaraq, cəmiyyətdə onları nüfuzdan salmış, ailə-məişət məsələlərinə müdaxilə və şantaj yolu ilə asan gəlir əldə etmək istəmişdir. Komissiya hər iki qəzetin “reket qəzet” adlandırılması və bu nəşrlərlə bağlı toplanmış sənədlərin hüquq mühafizə orqanlarına verilməsi barədə qərar çıxarmışdır.