“Metodiki tövsiyələr” kitabının ingilis dilində nəşrinin təqdimatı olub VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi istiqamətində “Metodiki tövsiyələr”in ingilis dilində nəşrinin təqdimatı olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, ingilis dilində nəşr olunmuş həmin kitab təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi üçün nəzərdə tutulub.
Məqsəd oxucuların mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar edilməsi, işğaldan azad olunan ərazilərə səfər zamanı təhlükəsiz davranış qaydaları haqqında məlumatlandırılması, eləcə də bu istiqamətdə əldə etdikləri bilik və bacarıqların başqaları ilə də paylaşmağa təşviq olunmasıdır.
Təqdimatda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, eləcə də təhsil müəssisələrinin rəhbər şəxsləri və universitetin müəllim, tələbə heyəti iştirak ediblər.
Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyi, ANAMA və Bakı Slavyan Universitetinin birgə tərəfdaşlığı ilə ərsəyə gətirilib.