Mikro sahibkarlara hansı hallarda mənfəət vergisi üzrə güzəşt tətbiq olunur?
Bakı, 26 oktyabr, AZƏRTAC
Sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Yeni yaradılmış sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.