MƏDƏNİYYƏT
Milli İncəsənət Muzeyində “Heydər Əliyev 100 – Sevimli əsərlər” adlı sərgi açılıb
Bakı, 8 may, Emil Məlikov, AZƏRTAC
Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev 100 - Sevimli əsərlər” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz naminə gördüyü işlərdən danışıb. O deyib: “Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyev elm, mədəniyyət və incəsənətimizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyətdir. Heydər Əliyevin yürütdüyü uğurlu mədəni siyasət nəticəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başlandı, incəsənət xadimləri üçün yaradıcı mühit meydana gəldi. Təsviri sənət sahəsi də bu inkişaf prosesində əsas mövqedə idi. Heydər Əliyev rəssamlara xüsusi diqqət və qayğı ilə yanaşır, sərgi və abidələrin açılışında şəxsən iştirak edərdi. Ümummilli Liderin bu görüşlərdən və tədbirlərdən xatirə qalan fotoşəkilləri Azərbaycan Milli İncəsənət Muzeyində qorunub-saxlanan önəmli nümunələrdəndir və sərginin ekspozisiyasında sözügedən fotoşəkillər yer alıb. Tahir Salahovun rəngkarlıq və Ömər Eldarovun heykəltəraşlıq əsərlərində təsvir olunan Heydər Əliyevin canlı obrazları sərgidə xüsusilə maraq doğuran eksponatlardandır. Sərgidə, ümumilikdə, 100-dən artıq eksponat nümayiş edilir”.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib: “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi lideri var. Ulu Öndərin qəlbi əsl sənətkar qəlbi idi, o, incəsənətin bütün sahələrinə bələd idi. Heydər Əliyev Azərbaycan mədəniyyətinə öz qayğısını əsirgəmirdi. Onun sənətə və yaradıcı insanlara böyük sevgisi, hörməti var idi. Sənət adamlarının da ona böyük sevgisi var idi. Heydər Əliyev müasirləri olan sənətkarlarla daim ünsiyyət qurur, onlarla şəxsən görüşərdi. Bu isə onların yaradıcı fəaliyyətlərinin inkişafına, eləcə də yeni-yeni rəssamlar nəslinin yetişməsində böyük stimul verirdi. Ulu Öndərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.