Milli Kitabxanada “Akademik Yaqub Mahmudov” adlı virtual sərgi hazırlanıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Yaqub Mahmudov” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Yaqub Mahmudov barədə dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yaqub_Mahmudov/index.htm linkindən istifadə edə bilər.
Kitabxanada, həmçinin akademikin yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Ənənəvi sərgi bir həftə davam edəcək.
Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Dağıstan Respublikasının Əməkdar elm xadimi və yeddi beynəlxalq akademiyanın həqiqi üzvüdür.
“Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “Ataman Anton Qolovatıy” ordenləri ilə təltif olunub. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qələm”, “Humay” və digər çoxsaylı mükafatların laureatıdır.
Akademik Yaqub Mahmudov bir sıra beynəlxalq mükafatlara, o cümlədən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və Beynəlxalq Atatürk Mükafatına layiq görülüb. XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.